DÜNYA » MEDİA
21 İyul 2017, 10:40 (GMT +4)

Hüseyn Atam: Regiondakı nüfuz müharibələrində zalımlar məzlum, məzlumlar zalım kimi göstərilir (VİDEO MÜSAHİBƏ)

İstanbul, 21 iyul, SalamNews, M.Fərəc. “Türkiyə, Azərbaycan və İran eyni mədəni hövzənin parçalarıdır, hamısı Səlcuq imperiyasının övladlarıdır. Bölgədə bu qədər ortaq dəyərləri paylaşan başqa ölkə yoxdur. Təbii ki, qərblilər bu üç ölkənin bir-birinə yaxınlaşmasını istəmirlər, çünki bu zaman məlum potensial güc doğmuş olacaq. Azərbaycan, İran və Türkiyənin düyanın müxtəlif ölkələrində özlərinə məxsus potensial mədəniyyət intellekti var.”

Bunu Türkiyənin “Doruk Medya” şirkətinin rəhbəri Hüseyn Atam SalamNews-un Türkiyədəki xüsusi müxbirinə müsahibəsində bildirib.

Hər il dünyada bir sıra mədəniyyət hadisələri baş verir ki, onların əhəmiyyətli hissəsi də kino sənayesi ilə bağlıdır.

Bu günlərdə belə tədbirlərdən biri İranın Məşhəd şəhərində reallaşan Məşhəd Film Festivalı olub. Festivalda Türkiyədən müxtəlif televiziya və şirkət rəhbərlərinin daxil olduğu 15 nəfərlik nümayəndə heyəti iştirak edib. Türkiyə nümayəndə heyətinə daxil olan “Doruk Medya” şirkətinin rəhbəri Hüseyn Atam SalamNews-un Türkiyədəki xüsusi müxbiri ilə sözügedən festivalla bağlı fikirlərini bölüşüb. 

- Bu yaxınlarda Məşhəd şəhərində kino festivalı keçirildi. Türkiyə nümayəndə heyətini bu festivalda əsasən siz təmsil edirdiniz. Festivalın mahiyyəti nədən ibarətdir?

- Festival bu il 36 ölkədən 200-dən artıq media qurumunun iştirakı ilə baş tutdu. Əslində, bu festivala ev sahibiyini Tehran şəhəri edirdi. 2017-ci ildə islam aləminin mədəniyyət paytaxtı Məşhəd elan edildiyi üçün həmin tədbirlər çərçivəsində Məşhəd şəhər İcra Hakimiyyətinin başçısı və Bələdiyyə İdarəsinin də ev sahibliyi ilə bu festival burada baş tutdu, nəticədə biz də bu tədbirdə iştirak etdik.

Türkiyədən festivalda “Doruk Medya” ilə birlikdə 15 nəfərlik nümayəndə heyəti iştirak edirdi. Heyətdə Türkiyənin müxtəlif şəhərlərindən müxtəlif qurumlar yer almışdı.

- Tədbirin Məşhəddə keçirilməsinin hər hansı bir xüsusi hədəfi var idi?

- Qeyd etdiyimiz kimi, Məşhəd şəhəri bu il İslam Mədəniyyət Mərkəzi olduğu üçün bu mənada şəhərdə çoxlu mədəni tədbirlər keçirilir. Bu tədbirlərdən biri də “İslami Radio və Televiziyalar Birliyi”nin təşkil etdiyi film marketi və bu festival idi.

Tədbirin Məşhəddə keçirilməsinin bir ayrı gözəlliyi oldu; bu, festivala ayrı bir mənəvi hava qatmış oldu. İmam Rzanın (ə) birləşdirici rolu çox əhəmiyyətli oldu. Çünki əksər islam cəmiyyətində, xüsusilə də Türkiyədəki müsəlmanlar arasında Xorasanın çox xüsusi yeri var. Yəni Anadolunun onu türk yurdu edən müsəlman kimliyinin kökləri Xorasandan gəlir. Anadoluda şiə-sünni fərq etmədən kimdən soruşsanız, ata yurdları olaraq sizə Xorasanın adını verər. Hətta bizim şərq vilayətimiz olan Ərzurumda Xorasan marşrutunun üzərində olan bir rayonun adı da Xorasandır.

- "Doruk Medya" necə bir şirkətdir və bu festivalda hansı məhsulları ilə çıxış etdi?

- Şirkətimiz bir sıra sahələrdə fəaliyyət göstərir: seriallar, filmlər, sənədli filmlər, onların tərcüməsi, Türkiyə televiziyalarında yayımlanması, İran kinematoqrafiyasının Türkiyədə tanıdılması, öz sənədli filmlərimizin hazırlanması və digər işlər görür.

Türkiyədə İran filmlərini sevən böyük kütlə var və bunlar təkcə dindar insanlar deyil. Dindar olmayan insanlar da bu fimlərin estetik və texniki tərəflərini daha çox görürlər.

Universitetlərdə, festivallarda bu filmləri tanıdırıq. Bundan başqa, kliplərimiz, qısa filmlərimiz, sənədli filmlərimiz də var. Sənədli filmlər sahəsində daha çox yaxın tarix və mədəni filmlər hazırlayırıq. Bunlardan Azərbaycanın iki milli qəhrəmanı - şəhid Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun həyat hekayələrindən bəhs etdiyimiz “Şəhidlərin inqilabı” sənədli filmidir ki, bunlar festivalda da çox maraqla qarşılandı. Xocalı faciəsindən bəhs etdiyimiz "Gecənin fəryadı" filmi maraqla qarşılandı. İranda yaşayan türklərlə bağlı "Təbriz", "Ərdəbil", "Urmiya" sənədli filmləri də yayımlanmış yeni məhsullarımız olaraq orada təqdim edildi. “Balkanların Gəlini - Bosniya” adlı Bosniyanın şəhərlərindən çəkdiyimiz sənədli filmlərimiz var, hazırda onun növbəti seriyaları işlənməkdədir. Bu filmlərimizin də orada çox maraqla qarşılandığını gördük. 

- Azərbaycan bu festivalda iştirak edirdi?

- Azərbaycanın adına pavilyon yox idi. Amma Azərbaycanın ilk beynəlxalq televiziyası olan "İnterAz"ın nümayəndə heyəti festivalda iştirak edirdi. 

- Festivalda daha çox diqqət çəkən nə idi? Sizi bu kino festivalında ən çox təsirləndirən nə oldu?

- Bu, müsəlman ölkələrini əhatə edən kino festivalıdır.

Günümüzdə media ən əhəmiyyətli silahdır. Qərbi Asiya və Orta Şərqdəki müharibələrdə Qərb mediadan öz təbliğat vasitəsi olaraq çox yüksək səviyyədə istifadə edir. Amerikalı məşhur rejissorun bir sözü var, deyir ki, “biz Vyetnamda məğlub olsaq da, Amerika uşaqları amerikalıların Vyetnamda məğlub olduqlarını heç vaxt bilməyəcəklər." Çünki kinematoqrafiya vasitəsilə bir Rembonun ortaya çıxıb bütün vyetnamlıları məhv edən bir imici var ortada. Bu gücü bu gün eyni qüvvələr bölgədəki nüfuz müharibələrində də istifadə etməkdədirlər. Məzlumları zalım, zalımları məzlum olaraq təqdim edirlər. Həmin bölgələrdən bu festivalda iştirak edən Suriya televiziyası, xeyli sayda İraq televiziyaları, Bəhreyn televiziyası və Yəmən televiziyası vardı və onların öz dərdlərini danışma səylərinə şahid oldum. Həqiqətən də, bu bölgədən başqa, Türkiyə Avropaya bir az da yaxındır, bu həqiqətləri çatdırma yolunda məsuliyyətimizin nə qədər böyük olduğunu bir daha hiss etdim.  

- Festival boyu daha bir əlamətdar hadisə imam Rza (ə) hərəminin televiziyasının açılışı və ilk peyk yayımına başlaması oldu. Perspektivdə bu televiziyanın rolu necə görünür?

- Medianın əhəmiyyəti çox böyükdür, artıq bir sıra yerlərə getmədən də bunu görə bilirsən. Son dövrlərdə müqəddəs məkanları canlı yayımda izləmək imkanı yaranıb. Bir "Kərbəla TV" ortaya çıxdı və dünyanın dörd bir tərəfindən maraqla izlənilməyə başlandı, eyni zamanda digər yayım qurumlarına da xidmət göstərir. Məşhədin rolu heç bir zaman azalmadı. Məşhəd tarix boyu bütün müsəlmanların, Əhli-beyt (ə) aşiqlərinin könüllərini fəth edən bir şəhər oldu. 

- Məşhəd Film Festivalı boyu mühüm hadisələrdən biri də Tehranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi idi. Bu mədəniyyət günləri çərçivəsində Azərbaycan film həftəsi də baş tutdu. Tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. Azərbaycan film həftəsinin baş tutması buradakı filmə maraqla da izah olunur. Daha əvvəl də qeyd olunduğu kimi, İranda film sənayesinə ciddi maraq var, bu maraq nədən qaynaqlanır? Bu ölkədə film sənayesinin belə inkişafının qaynağı nədir?

- Türkiyə, Azərbaycan və İran eyni mədəniyyət hövzəsinin parçalarıdır, hamısı Səlcuq imperiyasının övladlarıdır. Bölgədə bu qədər ortaq dəyərləri paylaşan başqa ölkə yoxdur. Təbii ki, qərblilər bu üç ölkənin bir-birinə yaxınlaşmasını istəmirlər, çünki bu zaman məlum bir potensial güc doğmuş olacaq. Azərbaycan, İran və Türkiyənin dünyanın müxtəlif ölkələrində özlərinə məxsus potensial mədəniyyət intellekti var. Azərbaycan Mədəniyyəti Günlərinin İranda keçirilməsini təqdirlə qarşıladım, Tehrandakı Azərbaycan filmləri həftəsi ilə bağlı xəbərləri izlədim. Film iki mədəniyyətin bir-birini tanımasında ən mühüm vasitələrdən biridir. Bu gün İran kinematoqrafiyası dünyada film vasitəsilə öz mədəniyyətini tanıtmaqda böyük xidmətlər göstərir. “İran fimləri niyə bu qədər diqqət çəkir?” sualına gəldikdə isə, ona görə ki, dünyada hakim Hollivud mədəniyyəti var. Bu Hollivud mədəniyyəti, sadəcə, tekniki effektlər vasitəsilə, ya da eşqi fərqli mənada göstərən və bununla reytinq toplayan kapitalist sistemi təmsil edir. Lakin İran da ortaya bir alternativ qoymağı bacarıb. Yalnız fərqli cəhəti deyil, həm də keyfiyyəti təqdim edə bilib. İnsanlığı, ailəni, sosial məsuliyyəti, məişəti, duyğulu hisləri insanlara toxunan səviyyədə işləyə bildiyi üçün bu gün İran kinematoqrafiyası artıq beynəlxalq aləmdə də mükafatlar qazanır, daxildə də istehsal gücü baxımından çox ciddi xüsusi çəkiyə malikdir.