AZƏRBAYCAN » İDMAN
04 Aprel 2017, 16:19 (GMT +4)

Gənclər və İdman Nazirliyində beynəlxalq yarışlarda qalib gəlmiş güləşçilərlə görüş keçirilib (FOTOLAR)

Bakı, 4 aprel, SalamNews, K.Orxan. Bu gün Gənclər və İdman Nazirliyində İranın Abadan şəhərindəki Dünya Kubokunda gümüş medal qazanmış yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasındakı Avropa çempionatında ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən hər üç növ üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov idmançıları təbrik edib. Bildirib ki, hər iki yarışda uğurlu çıxış edən idmançılar təqdirə layiqdir. İnanırıq ki, idmançılarımız bundan sonra da öz uğurlu çıxışları ilə xalqımızı sevindirməkdə davam edəcəklər.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərin çıxışını yüksək qiymətləndirib.

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov  bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin səylə İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıqlarını deyib. Bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq.