DÜNYA » MEDİA
24 Mart 2017, 13:37 (GMT +4)

Rusiyada İŞİD və təkfirçiliyi təbliğ edən 23 min sayt bağlanıb

Bakı, 24 mart, SalamNews, O.Quliyev. Rusiyada KİV-ə nəzarət üzrə federal agentlik İŞİD və təkfirçiliyi təbliğ edən 23 min internet saytını bağlayıb.

SalamNews Rusiya mətbuatına istinadən xəbər verir ki, İŞİD terror təşkilatına meyilli və onların təbliği ilə məşğul olan, ölkədə təkfirçiliyin artmasına zəmin yaradan internet saytların, bloqların, "Youtube" qruplarının və sosial şəbəkələrdə yaradılmış qrupların fəaliyyəti uzun müddət izləndikdən sonra KİV-ə nəzarət üzrə federal agentlik tərəfindən 23 min sayt bağlanılıb.

Agentliyin yaydığı məlumatda deyilir ki, bu saytlar vasitəsi ilə ölkədə gənclər "cihad"a və təkfirçiliyə yönəldilib. Onlar əsasən İŞİD terror qruplaşmasının maraqları üçün fəaliyyət göstəriblər.

Qeyd edək ki, bir müddət öncə də, Rusiya təhlükəsizlik orqanları tərəfindən ölkədə fəaliyyət göstərən bir neçə terror qruplaşması ifşa edilmişdi. Onlar əsasən qısa video görüntüləri internetə yerləşdirməklə Rusiya əhalisi arasında radikallığı və təkfirçiliyi yaymaqla məşğul olublar.