AZƏRBAYCAN » CƏMİYYƏT
04 Mart 2017, 11:53 (GMT +4)

ADNSU ilə “BCC Group” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Bakı, 4 mart, SalamNews. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “BCC Group” şirkətinin baş direktoru Vüqar Rzayevlə görüşüb.

Görüşdə ADNSU ilə “BCC Group” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

ADNSU-dan SalamNews-a bildiriblər ki, M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə həyata keçirilən islahatlar və əldə olunan uğurlardan danışıb. Tələbələrin müəssisələrdə təcrübə keçməsinin bu gün prioritet məsələlərdən olduğunu diqqətə çatdıran rektor universitetdə yaradılan ağıllı lövhələr, multivizorlar, lazer başlıqları və xüsusi boyalar haqqında məlumat verib, bu cür innovativ yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

V.Rzayev ADNSU ilə əməkdaşlığa yüksək önəm verdiyini və tələbələrin təcrübə keçmələri üçün şirkət tərəfindən hər cür şəraitin yaradılacağını bildirib.

Qeyd edək ki, “BCC Group” şirkəti tikinti xidmətlərini həyata keçirən podratçı şirkət kimi 1997-ci ildə Azərbaycanda təsis edilib. Hazırda bu qurum ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən bir sıra şirkətləri özündə birləşdirir. “BCC Group” şirkəti öz müştərilərinə geniş çeşidli xidmətlər, o cümlədən neft-qaz sənayesində həyata keçirilən mülki və sənaye tikinti layihələri üzrə texniki xidmət, eləcə də metal konstruksiyaların hazırlanması, modul tipli binaların tikintisi və quraşdırılmasını təklif edir.