DÜNYA » SİYASƏT
14 Yanvar 2017, 15:26 (GMT +4)

Litva hökuməti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə divar tikəcək

Bakı, 14 yanvar, SalamNews, C.Nəzərov. Litvanın builki büdcəsi Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə divar tikilməsini nəzərdə tutur.

SalamNews-un xəbərinə görə, bu barədə “Lietuvos žinios” portalı məlumat verib.

"İndiyədək Litva və Kalininqrad vilayətinin dövlət sərhədində yalnız xüsusi nişanlar və 13 metrlik nəzarət xətti yer alıb.

Litvanın daxili işlər naziri Eymutis Misyunas iddia edir ki, bu il ilk dəfə olaraq Litva büdcəsində Kalininqrad vilayəti ilə sərhəddə divar tikintisinə 3,6 milyon avro ayrılması nəzərdə tutulub.”, - portal yazır.

Nazirin sözlərinə əsasən, “bu vəsait divar tikintisinə kifayət etməlidir. Onun yaxınlığında modernləşdirilmiş sərhəd müşahidə sistemi qurulacaq. Bunun üçün vəsait gələn il tapılacaq”.

Portalın iddiasına görə, divar “Çin səddi” olmayacaq, sadəcə, ölkəyə qaçaqmalçılığın yol tapmamasını təmin edəcək.

Litva Daxili İşlər Nazirliyi divar tikintisi ilə əlaqədar müsabiqə elan etməyi planlaşdırır. Divarı hava şəraiti imkan verən kimi tikməyə başlamaq mümkün olacaq.