AZƏRBAYCAN » CƏMİYYƏT
09 May 2016, 12:43 (GMT +4)

Məşhur futbol ulduzu Ələkbər Məmmədovun doğum günüdür 

Bakı, 9 may, SalamNews, Ş.Nəzərli. SSRİ-nin Əməkdar idman ustası və Əməkdar məşqçisi, Azərbaycanın SSRİ-nin  futbol ulduzu Ələkbər Məmmədov 86 il əvvəl bugünkü gündə Bakıda anadan olub. 

SalamNews-un məlumatına görə, Ələkbər Məmmədov Bakının "Neftçi", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub, beynəlxalq oyunlarda iştirak edib.

1955-ci ildə “Dinamo”  heyətində "San Siro" stadionunda İtaliyanın “Milan”  komandasına 4 qol vurub və 2014-cü ilin yanvar ayına qədər bunu edən başqa futbolçu qeydə alınmayıb. Bu nəticəni sonralar yalnız “Sassuolo”nun futbolçusu Domeniko Berardi təkrarlaya bilib. 

Ə.Məmmədov SSRİ-nin ən yaxşı 33 oyunçu siyahısında iki dəfə 3-cü yerdə qərarlaşıb (1956, 1957).

Əfsanəfi qapıçı Lev Yaşin azərbaycanlı futbolçu haqqında geniş xatirələrində onu qısaca belə xatırlayır: "Ələkbər son dərəcə texnikalı, orijinal priyomlara sahib, meydana yaxşı bələd olan futbolçu və əsl hücum lideri idi”.

Ələkbər Məmmədov 1953-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 1959-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirib. 1962-ildən Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda futbol kafedrasının müəllimi işləyirdi. 1966-1970-ci illərdə o həm Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri , həm də Azərbaycan Maarif Nazirliyinin Bakı futbol məktəbinin direktoru olub. 

Əfsanəvi futbol mütəxəssisi Ələkbər Məmmədov 2014-cü il iyulun 28-də Bakıda vəfat edib.