AZƏRBAYCAN » MEDİA
03 May 2016, 17:05 (GMT +4)

İnterAz televiziyasının prezidenti Saleh Xudiyev vəfat edib

Bakı, 3 may, SalamNews. Bu gün günorta saatlarında İnterAz televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev Bakıda vəfat edib. 

SalamNews İnterAz-ın saytına istinadən xəbər verir ki, Saleh Xudiyev uzun sürən xəstəliyin ardından dünyasını dəyişib.

Saleh Aydın oğlu Xudiyev 4 may 1955 Ağdam rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Ali təhsil almaq üçün sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verib. Oranı bitirdikdən sonra neft daşlarında çalışıb. İdarə rəisi vəzifəsinə qədər irəli çəkilib. 1986-1991-ci illər ərzində xaricə ezam olunub. Ezamiyyətdən qayıtdıqdan sonra ”Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib. 

Bir müddət sonra “Mir” televiziya şirkətinə dəvət alıb. Yeni modelli bir teleşirkət qurmaq arzusu onu rahat qoymadığından yeni bir qurucu “Sara” teleradio şirkətini yaradıb. Lakin bir müddət sonra bu şirkətdən uzaqlaşıb. 2000-ci ildə Moskvaya köçüb. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib. 

SalamNews İnformasiya Agentliyinin kollektivi olaraq mərhumun yaxınlarına başsağlığı verir və səbr diləyirik!

Allah rəhmət eləsin!