AZƏRBAYCAN » MEDİA
15 Mart 2016, 17:23 (GMT +4)

İstanbul Universitetinin nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

Bakı, 15 mart, SalamNews, Ş.Nəzərli. İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakultəsinin dekanı, professor Aysel Aziz, həmin təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülyan Karaca və Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu Azərbaycan Mətbuat Şurasında (AMŞ) olub.

AMŞ-dən SalamNews-a bildirilib ki, Qlobal Kariyera İnstitutunun xətti ilə səfərdə olan türkiyəli nümayəndələr sözügedən qurumun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşacaq «İnformasiya cəmiyyətinin inkişafında medianın rolu» mövzusundakı konfrans-seminarda iştirak edəcəklər.

AMŞ sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası, həyata keçirdiyi tədbirlər və perspektiv planları barədə məlumat verib. Türkiyə və Azərbaycan mediası arasındakı münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyi vurğulayan Ə.Amaşov jurnalistika təhsili sahəsində də qarşılıqlı əməkdaşlığın müsbət nəticələrindən söz açıb.

Orxan Həsənoğlu türkiyəli mütəxəssislərin martın 18-də Bakıda keçiriləcək «İnformasiyalı cəmiyyətin inkişafında medianın rolu» mövzusundakı konfrans-seminarda məruzəçi qismində fikirlərini bölüşəcəklərini vurğulayıb.

Professor A.Aziz Türkiyədə jurnalistikanın tədrisindəki xüsusiyyətləri sadalayıb.

G.Karaca təmsil olunduğu ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqdakı prioritetlərini açıqlayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.