AZƏRBAYCAN » İDMAN
22 Fevral 2016, 10:07 (GMT +4)

Altay Həsənov: "Ölkəmizdə növbəti gimnastika bayramı uğurla başa çatdı"

Bakı, 22 fevral, SalamNews. "İdman gimnastikası üzrə Dünya Kuboku yarışlarına çox ciddi hazırlaşmışdıq. Təşkilat Komitəsi əlindən gələni etdi və turnir yüksək səviyyədə keçirildi."

SalamNews xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov söyləyib.

O, ölkəmizdə ilk dəfə keçirilən İdman gimnastikası üzrə Dünya Kuboku yarışlarının yüksək səviyyədə təşkilindən qonaqların da məmnun qaldıqlarını bildirib: ”Biz də çox sevinirik ki, həm yarış yüksək səviyyədə keçirildi, həm də idmançılarımız mükafatçılar sırasında yer aldı. İdmançımız Marina Nekrasova da bürünc medal qazanması ilə bizi sevindirdi. Federasiya rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, yarışın uğurlu təşkili üçün hər bir şərait yaratdı. Azarkeşlərin dəstəyini isə xüsusi vurğulamaq istərdim.

Altay Həsənov deyib: "Çox sevinirik ki, Dünya Kuboku yarışlarında Azərbaycanın himni səsləndirildi. Çünki bu möhtəşəm arenaya bizim himn yaraşır. Bu yarış dünya çempionatı səviyyəsində təşkil olundu. Nəticədən razıyıq. İnanıram ki, atletlərimiz "Rio-2016" Yay Olimpiya Oyunlarında da uğurla çıxış edib, bizi sevindirəcəklər."

Qeyd edək ki, Milli Gimnastika Arenasında üç gün davam edən Dünya Kuboku yarışlarında Azərbaycan atletləri 4 medal qazanıblar.