AZƏRBAYCAN » İQTİSADİYYAT
30 Dekabr 2015, 11:51 (GMT +4)

Sərnişin sıxlığı ilə bağlı Bakı Avtovağzalı reysə 200 əlavə avtobus buraxır - BBAK

Bakı, 30 dekabr, SalamNews, K.Aysel. "Bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksi xəttə əlavə 200 avtobus buraxacaq".

Bu barədə SalamNews-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) növbə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, dünən avtovağzalda sərnişin sıxlığı nisbətən zəif olub. Lakin bu gündən sıxlıq müşahidə olunmağa başlayıb. Bayram günlərində sərnişin sıxlığını nəzərə alıb gün ərzində 200 əlavə nəqliyyat vasitəsinin reysə çıxarılması nəzərdə tutulub. Gün ərzində 600-700 nəqliyyatının vasitəsi yola salınmağı nəzərdə tutulub. Əlavə sərnişin gələrsə, xəttə yeni nəqliyyat vasitəsi veriləcək və sərnişinlər gedəcəkləri ünvana yola salınacaqlar. Ehtiyat nəqliyyat vasitələrimiz var, bütün reyslər vaxtında təmin edilib.

M.Abdullayev qeyd edib ki, sərnişinlərə biletləri 10 gün əvvəlcədən alınması tövsiyə olunub. Sıxlığın ən çox müşahidə olunacağı günlərdə bilet satışında problemin olmaması üçün sərnişinlər internet vasitəsi ilə də biletləri ala bilərlər. Adətən ən çox sıxlıq dekabrın 28-dən 31-nə kimi müşahidə olunur.

O ki qaldı, hər il olduğu kimi bayram günlərində sərnişin sıxlığından yararlanmaqla daha çox qazanmaq istəyən işbazlara, sərnişinlər süni qiymət artımı ilə qarşılaşsalar, o zaman avtovağzalın dispetçer məntəqəsi ilə əlaqə saxlasınlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.