AZƏRBAYCAN » DİN
10 Dekabr 2015, 12:31 (GMT +4)

Azərbaycanın bölgələrində dini maarifləndirmə işləri davam etdirilir

Bakı, 10 dekabr, SalamNews. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncam bölgələrdə uğurla icra olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) ayırdığı vəsait hesabına Qusar şəhər “Mustafa Kazdal” məscidi dini icmasında “Dindarlar radikalizmə qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, “Mustafa Kazdal” məscidinin sədri Fəryəddin Rəhimxanov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov açaraq bildirib ki, dini sahədə dövlətin həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verməkdədir.

DQİDK-nın şöbə müdiri Əliheydər Zülfüqarov öz məruzəsində dində radikalizmin yaranma tarixindən, radikalizmin baş vermə səbəblərindən və qarşısının alınması üçün həyata keçirilməsi vacib olan tədbirlərdən bəhs edib. Eynulla Nurullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir.

Daha sonra çıxış edən natiqlər radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar. Tədbirin sonunda dini icma sədri Fəryəddin Rəhimxanov çıxış edərək dini icmaya göstərdiyi dəstəyə görə Dövlət Komitəsinə minnətdarlığını bildirib. Dekabrın 9-da Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasında “Ənənəvi İslam dini Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir” adlı layihənin icrasına start verilib.

Tədbirdə DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Süleymanov, dini icmanın sədri Yaşar Rzayev, dindarlar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icma sədri Yaşar Rzayev həyata keçiriləcək layihə barədə iştirakçılara geniş məlumat verib. Tədbirdə həmçinin, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Süleymanov çıxış ediblər.