AZƏRBAYCAN » MƏDƏNİYYƏT
07 Dekabr 2015, 12:01 (GMT +4)

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi YUNESKO-da məsləhətçi statusu qazanıb

Bakı, 7 dekabr, SalamNews. Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib.

SalamNews xəbər verir ki, dörd gün davam edən müzakirələrdə Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi Azərbaycanın QHT ictimaiyyəti, xüsusilə də mədəni irsimizin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən QHT-lər üçün örnək təşkil edən qərar qəbul edib.

Komitə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verib, İctimai Birliyin müraciəti Konvensiyanın tələblərinə cavab verdiyinə dair qərar qəbul edib və Baş Assambleyaya İctimai Birliyin akkreditasiyadan keçirilməsini tövsiyə edib. Akkreditasiyadan keçən təşkilatlar YUNESKO-da məsləhətçi statusu qazanır və təşkilat ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir.

Qeyd edək ki, Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda YUNESKO-ya üzv dövlətlərin Baş Assambleyasında təsdiq edildikdən sonra qüvvəyə minəcək.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən etibarən dövlətimizin mədəniyyət siyasətinin həyata keçirilməsinə dəstək olaraq mütəmadi şəkildə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, folklorumuzun, ozan-aşıq sənətinin və s. qeyri-maddi mədəniyyət nümunələrimizin təbliği ilə bağlı ölkə daxilində və xaricdə tədbirlər və layihələr həyata keçirir.