AZƏRBAYCAN » SİYASƏT
28 Noyabr 2015, 10:55 (GMT +4)

Şahin İsmayılov: “Hədəfimiz Yeni Azərbaycan Partiyasının dəst-xəttinə uyğun olacaq" (MÜSAHİBƏ)

Bakı, 28 noyabr, SalamNews, H.İbadlı. “Yeni Azərbaycan Partiyasının siyasi kursuna uyğun olaraq ölkəmizdə ictimai fəaliyyətinin genişlənməsi, elmin inkişafı, gənclər siyasətinin daha da təkmilləşməsi istiqamətində faydalı təkliflərlə, qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik”.

Bunu SalamNews-a müsahibəsində 5-ci çağırış Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) sədri Şahin İsmayılov deyib.

- Sizin parlament seçkilərinə namizəd olaraq qatılmağınıza hansı amillərin təsiri olub?

- Bildiyiniz kimi, seçkilərdə uğur qazandığımız 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədliyim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə irəli sürülmüşdü. Bu məsuliyyətli işdə mənə etimad göstərildiyi üçün başda cənab Prezident İlham Əliyev olmaqla partiya rəhbərliyinə təşəkkürümü bildirirəm.

Heç vaxt yüksək vəzifələrə iddialı olmamışam. İddiam yaşadığım ölkəyə, xalqımıza, dövlətimizə, təmsil etdiyim partiyaya, sədrlik etdiyim təşkilata faydalı bir vətəndaş olmaq olub. Məqsədim Azərbaycanın ictimai-siyasi həyatına bacardığım qədər töhfə verməkdir. Bu gün millət vəkili olmağımda əlbəttə ki, bu amillərin rolu böyükdür.

- İndi bir deputat kimi hədəfiniz hansılardır?

- Bizim hədəfimiz Yeni Azərbaycan Partiyasının ümumi prinsiplərinə, dəsti-xəttinə uyğun olacaq. Seçki devizimizdə olduğu kimi – Yeni hədəflərə doğru. Partiya olaraq bizim hədəfimiz çiçəklənən Azərbaycanın xoşbəxt gələcəyini qurmaq, bu günə qədər nəticələri göz önündə olan uğurlu fəaliyyətmizi daha da genişləndirməkdir.

Eyni zamanda depuat seçildiyimiz 81 saylı Beyləqan seçki dairəsində hədəflərimizi dəqiq müəyyənləşdirib, Beyləqan royonuna, onun əhalisinə maksimum xidmət göstərəcəyik. Beyləqanı qabaqcıl, ölkənin ictimai-siyasi həyatında fəal roy oynayan regionlarımız sırasına çıxarmaq istiqamətində əlimizdən gələni edəcəyik.

- Qarşıdakı 5 il ərzində istər elmi, istərsə də ictimai sahədə hansı işlərin icrasını vacib hesab edirsiz?

- Zaman çox sürətlə dəyişir, hər anın öz hökmü var. Bu gün hər şey çox sürətlə dəyişir və inkişaf edir. Bu baxımdan 5 il böyük bir zaman kəsiyidir. 5 ildə çox işlər görmək mümkündür. Məqsədimiz də elə budur, zamanı yaxşı dəyərləndirmək və istər ictimai sferada, istərsə də elm sahəsinda fəaliyyətimizi davam etidirməkdir.

Millət vəkili olaraq çalışacağıq ki, Yeni Azərbaycan Partiyasının siyasi kursuna uyğun olaraq ölkəmizdə ictimai fəaliyyətinin genişlənməsi, elmin inkişafı, gənclər siyasətinin daha da təkmilləşməsi istiqamətində faydalı təkliflərlə, qanunvericilik təşəbbüsləri ilə çıxış edək.

- Uğulu fəaliyyətiniz sizi yəqin ki, siyasi səhnəyə hazırlayacaq!

- Uzun müddətdir ictimai sferada fəaliyyət göstərirəm. Eyni zamanda da YAP üzvü olmaqla, partiyanın işində yaxından iştirak etməklə ölkənin siyasi həyatından da kənarda olmamışam. Hazırda YAP-ın namizədi kimi millət vəkili seçilməyimin özü siyasi bir öhtəliyin gösətricisidir. Əlbəttə ki, bundan sonra Azərbaycanın siyasi həyatında da, ən azı ictimai həyatında olduğum qədər fəallıq göstərməyə çalışacağam.

- Mətbuatla əlaqələrinizi necə quracaqsınız?

- Biz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq hər zaman mətbuatla əlaqələrimiz yüksək səviyyədə qurmuşuq. Mətbuata hər zaman açıq olmuşuq və KİV nümayəndənləri ilə əməkdaşlığa xüsusi önəm vermişik. Yarandığı vaxtdan İttifaqın mətbuat xidməti fəaliyyət göstərir və hazırda da işini uğurla davam etidirir. Düşünürük ki, görülən işlərin daha geniş ictimaiyyətə çatdırılması üçün bu vacib məsələdir. Bu bizim iş prinsipimizdir və millət vəkili olaraq da bu prinsipə sadiq qalacaq, gələcək fəaliyyətimizdə mətbuatla işin qurulması istiqamətində xüsusi mexanizm hazırlayacağıq.