AZƏRBAYCAN » CƏMİYYƏT
10 Oktyabr 2015, 10:43 (GMT +4)

Şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür

Bakı, 10 oktyabr, SalamNews.Bu gün şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın doğum günüdür.

SalamNews-un məlumatına görə, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, həmin institutda direktor vəzifəsində çalışıb.

O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da çap etdirib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub. Onlarla məqalə məcmuələri redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Bildirək ki, A.İmanquliyeva görkəmli jurnalist, elm xadimi Nəsir İmanquliyevin qızı, ölkənin birinci xanımı Mehriban Əliyevanın anasıdır.

Şərqşünas 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.