AZƏRBAYCAN » CƏMİYYƏT
18 Dekabr 2014, 14:25 (GMT +4)

"Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi başa çatıb

Bakı, 18 dekabr, SalamNews. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında YAP Binəqədi Rayon Təşkilatının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə etmiş “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin yekun bağlanış və layihə çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.

Müsabiqə çərçivəsində “Ən yaxşı Deviz”, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı tibbi maarifləndirmə məqaləsi” nominasiyaları üzrə I yerin qaliblərinə Kaspi Təhsil Mərkəzində tam kurs üç ay olmaqla xarici dil kursu, II yerin qaliblərinə Kaspi Təhsil Mərkəzində tam kurs üç ay olmaqla kompyuter kursu, III yerin qaliblərinə isə Əli və Nino Kitab Evindən 50 manatlıq kitab kuponu hədiyyə olunub.

Qeyd edək ki, tədbirdə həmçinin “Təmiz Binəqədi” layihəsi çərçivsində elan olunmuş ən nümunəvi tibb müəssisəsi müsabiqəsinə də yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən müsabiqədə iştirak edən səhiyyə müəssisələri arasından Ə. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası, 20 saylı Uşaq Poliklinikası və HB Güven Klinikası mükafatlandırılıblar.